Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qadın həndbolçular arasında qalib və mükafatçılar məlum olub.
Günün qadınlar arasında keçirilən ilk qarşılaşmasında "İdman Akademiyası" ilə qarşılaşan "Azəryol-1" asan qələbə qazanıb – 2:0 (15:5; 13:9).
"Azərsu" - "Azəryol-2" görüşü isə gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. "Shoot-out"a qədər davam edən matç qonaq komandanın 2:1 (8:15; 13:11; 6:5) hesablı qələbəsi ilə yekunlaşıb.
Günün sonuncu matçı isə "Nur" və "Qarabağ" komandaları arasında keçirilib. Oyun "shoot-out"a qədər davam edib. Görüşdə "Qarabağ" rəqibini 2:1 ( 8:22; 15:14; 5:4) hesabı ilə məğlub edib.
Beləliklə, bu nəticələrdən sonra "Nur" komandası qızıl, "Azəryol-1" kollektivi gümüş, "Qarabağ" klubu isə bürünc medalların sahibi olub.
azertag.az