Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.
Dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı.
Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.
Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.
Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan “determing room” qurğusu da var. Mərkəzdə, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.
Dövlətimizin başçısına aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində görülən işlər barədə də məlumat verildi. İri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb. Aqropark üçün “New Holland” markalı 10 müasir traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlığı lizinq yolu ilə alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016 kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə böyük gücə malik elektrik yarımstansiyası və 6 transformator quraşdırılıb, ümumilikdə 35 kilometr uzunluğunda elektrik xətti çəkilib. İki üzən ponton üzərində 3 yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatı və avadanlığı quraşdırılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar olmaqla, ümumilikdə, 4600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3 min hektar pivolatı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. İntensiv bağçılığın yaradılması məqsədilə isə 2400 hektarda damcılı suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 min ton məhsul istehsal gözlənilir. Pivotaltı sahəyə qarşıdakı illərdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30 min tonluq taxıl anbarı kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kameranın yaradılması nəzərdə tutulur. Səkkiz min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnika və avadanlığının alınması da planlaşdırılır. Nəticədə 5 min daimi, 1500 mövsümü iş yeri yaradılacaq. “Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib.
Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək.
“Şəmkir Aqroparkı”nın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir.
Diqqətə çatdırıldı ki, “Şəmkir Aqropark”nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 179 nəfər çalışır. Orta aylıq əməkhaqqı 600 manatdır. Bu ərazidə 2-ci mərhələdə müasir istixana kompleksi, şitilçiklik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.
Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
trend.az