Paytaxtın ümumtəhsil məktəblərində 2017-2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulu davam edir. Avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 min 274 uşağın sənədi məktəbə təqdim edilib.
BŞTİ-dən bildiriblər ki, bu qurumun nəzdindəki ümumtəhsil məktəblərinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Valideynlər sentyabrın 15-dək davam edəcək elektron ərizələrin qeydiyyatı prosesində məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
Valideynlər övladlarının sənədlərini sentyabrın 18-dək məktəbə təqdim etməlidirlər. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxs Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli üçün Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində apellyasiya komissiyası fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinə altı yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların birinci sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən iyulun 10-dək aparılıb. Müsabiqədə iştirak edən 1769 uşaqdan 1471-i uğur qazanıb. BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya birinci sinfə qəbul üzrə müsabiqə isə iyunun 6-dan 30-dək keçirilib. Müsabiqədə iştirak edən 483 uşaqdan 402-si lisey və gimnaziyaların birinci sinfinə qəbul olunub.
azertag.az