Rusiya estradasının ulduzu Alsu şəhərimizə təşrif buyurub.
Müğənninin Bakıya səfəri yeni kliplərinin çəkilişləri ilə əlaqədardır.
Kliplərdən biri Alsunun yeni hit olan mahnısına çəkilir.
İkincisi isə “Böyük yolun tozu” mahnısının ekran versiyasının tamamlanmasıdır. Bu klipdə Alsunun özünün də iştirak edəcəyi bildirilib. Alsunun hər iki klipinin rejissoru Mariya İbrahimovadır.
Xatırladaq ki, rejissor Mariya İbrahimova və Azərbaycanın kino şirkəti “CineX Film and Video Production”ın Alsu üçün çəkdiyi ilk klip aprel ayının 19-unda Moskvada Müslüm Maqomayev adına konsert zalında (“Crocus City Hall”) nümayiş olunub. Tatarca oxuduğu mahnılarının birinin videogörüntüsündə Bakı və Abşeronda çəkilmiş kadrlar gedib. Klipdə Azərbaycanın xalq artisti Elmira Şabanova, əməkdar artist Vidadi Əliyev, Bəhruz Vaqifoğlu, Günel Məmmədova, Ömər Akçurin, eləcə də uşaq rollarında İsa Həsənov, Diana Kadimova, Teona Lomtatidze, Murad Cəfərzadə, Hamlet Hüseynov çəkilib.
Öz kliplərinin keyfiyyətinə xüsusi tələbkarlıqla yanaşan Alsu Azərbaycan şirkətinin işindən razı qaldığını və yaxın gələcəkdə Mariya İbrahimova və “CineX Film and Video Production” kino şirkətinin çəkdiyi daha iki klipin işıq üzü görəcəyini bildirib.
Qeyd edək ki, rejissor Mariya İbrahimova 40-dan çox film festivalında iştirak etmiş və premyerası Berlin kinofestivalında baş tutmuş “Miss Gulag” filmi ilə məşhurdur.
Gün.Az