Dünya şöhrətli aktyorların azərbaycanlı rejissorun çəkdiyi “Alen Delonum mənim” adlı tammetrajlı filmdə çəkilə biləcəyi haqda məlumat vermişdik.
Söhbət dünya şöhrətli kino ulduzları Adriano Çelentano və Mikele Plaçidodan gedir.
Baş rolun ifaçısı Vasif İsmayılzadənin verdiyi məlumata əsasən, hazırda çəkilişləri davam edən ekran əsərinə dünya şöhrətli aktyorların çəkilməsi gözlənilir. Bundan başqa, serialda dünya şöhrətli italiyalı aktrisa Orniella Mutinin çəkiləcəyi də ehtimal olunur.
“Hələ ki, Mikele Plaçidodan razılıq almışıq. Gələn ay danışıqlar üçün görüşəcəyik. Onu da deyim ki, çalışırıq ki, Orniella Mutini də filmimizə dəvət edək. Hazırda vasitəçi ilə danışıqlar aparırıq. Ümid edirəm ki, filmi ərsəyə gətirmək üçün maliyyə məsələsini həll etsək, dünya səviyyəli iş ortaya qoya biləcəyik”.
Qeyd edək ki, filmin rejissoru Sain Qəhrəman, operatoru Hakim Ağayev, montajçısı isə Fərəc Süleymanovdur. Ssenari bütünlüklə Alen Delon ləqəbli Canbala Canbalayevin başına gələn maraqlı macəralar üzərində yazılıb.
Filmdə tanınmış estrada müğənnisi Arzu Rzayev, Space TV-nin aparıcısı Fərid Rzayev, aktrisa Zülfiyyə Eldarqızı, “Azəri Star-2006” mahnı müsabiqəsinin iştirakçılarından Şəbnəm Rəsulova, Emil Muradlı, Akademik Opera və Balet Teatrının aktyoru Elşad Məmmədov və başqaları çəkilir.
Filmin təqdimatı gələn ilə planlaşdırılır.
Gün.Az