Azərbaycanlı gənclər kinosevərlər üçün yeni mobil tətbiqetmə yaradıblar
23.8.2017

Azərbaycanlı gənclər yeni mobil tətbiqetmə yaradıblar.
Avqust ayının əvvəlindən üç azərbaycanlı gənc - Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanovun yaratdığı "Raters" mobil tətbiqetməsi iOS əməliyyat sistemində fəaliyyətə başlayıb. Kinosevərlər üçün nəzərdə tutulan bu sosial şəbəkə dostlarınızın və kino zövqünə güvəndiyiniz digər şəxslərin rəylərinə əsasən maraqlı filmlər tapa biləcəyiniz bir yerdir. "Raters"lə siz "Hansı filmə baxım?", "Bu filmə baxmağa dəyərmi?", "Bu film haqqında fikirlərimi kimlə bölüşüm?" tipli suallara cavab tapacaqsınız.
"Raters"in IMDB, Kinopoisk, Rotten Tomatoes və digər kino platformalarından əsas fərqi dostlarınızın hansı filmlərə baxdığını bilmək və bu filmlər haqda rəylərini öyrənmək kimi sosial şəbəkə xüsusiyyətləridir. Raters'in fəlsəfəsi bir film haqqında dostlarınızın və kino zövqünüzün yaxın olduğu digər şəxslərin rəylərinin sizə on minlərlə tanımadığınız şəxslərin qiymətləndirməsindən daha uyğun olmasıdır.
Hazırda bu tətbiqetmədən yalnız iPhone və iPad istifadəçiləri yaralansa da, yaxın gələcəkdə Android və masaüstü kompyuter istifadəçilərinə də əl çatan olacaq.
Raters barədə ətarflı məlumat almaq və ya endirmək üçün www.ratersapp.com saytına daxil ola bilərsiniz.


report.az