Azərbaycanın orta məktəblərində tarix dərslikləri yeniləşdirilir
19.11.2012

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hesab edir ki, orta məktəblərin tarix dərsliklərinə bəzi yeni tarixi faktların əlavə edilməsi zəruridir.

Mahmudov bazar ertəsi jurnalistlərə bildirib ki, az vaxt ərzində orta məktəblər üçün yeni tarix dərslikləri hazırlansa da, onlar təkmilləşdirilməlidir.

"Biz sovet dövründə təhrif olunmuş tariximizi yenidən yazırıq. Soyqırım, Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, bizim tarixi İrəvan xanlığımızın ərazisində Ermənistan dövlətinin yaranması kimi məsələlərin hamısını yenidən araşdırırıq. Bütün bu məsələlər hamısı tarix dərsliklərinə əlavə edilməlidir", - institut direktoru qeyd edib.

Onun sözlərinə görə, artıq 3 cildlik Azərbaycan tarixinin yazılmasına başlanılıb.

Tarixçi deyib ki, hazırda Azərbaycan tarixçiləri dünyanın müxtəlif şəhərlərində tariximizlə bağlı araşdırmalar aparırlar.

"İndi əlimizdə tariximizlə bağlı 100 minlərlə sənədlər var. Bu sənədlər işləndikcə tariximiz yenidən yazılacaq. Ümid edirəm ki, bu sənədlər tariximizə böyük yeniliklər gətirəcək. Təhrif olunmuş tariximizi bir kənara qoyaraq yeni tarximizi yazacağıq", - Mahmudov əlavə edib.

Trend