Yeni tədris ili ərəfəsində paytaxtın müxtəlif ünvanlarında məktəbli yarmarkaları açılıb. Yarmarkalar sentyabrın 20-dək davam edəcək.
Paytaxt sakinlərinin artan tələbatını layiqincə ödəmək, süni qiymət artımının qarşısını almaq və əhalinin seçim imkanlarına şərait yaratmaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin ticarət departamenti tərəfindən ilk dəfə məktəbli yarmarkaları təşkil olunub. İlkin mərhələdə belə yarmarkalar metronun “28 May”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Neftçilər” stansiyalarının yaxınlığında təşkil edilib. Bunun üçün əhalinin sıx olduğu ərazilər nəzərə alınıb. Artıq iki gündür fəaliyyət göstərən yarmarkalardan əhali razılıq edir.
Yarmarkalarda məktəbli ləvazimatlarının geniş çeşidi təqdim edilir. Ən maraqlı məqamlardan biri də odur ki, məktəbli yarmarkalarında satılan malların məişət sertifikatı var.
Bakı Şəhər İcra Hakimiyyətinin ticarət departamentinin əməkdaşları tərəfindən qiymətlərə və xidmətə ciddi nəzarət edilir.
azertag.az