Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bütün dünyada donor qıtlığının olduğu zamanda problemin həll yollarından biri də çarpaz orqan transplantasiyasına üz tutmaqdır. Çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.
Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri M.Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatmazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib. Xəstənin donoru həyat yoldaşı olsa da onların qan qrupları uyğun olmadığı aşkarlanıb. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailələr görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq veriblər.
Daha sonra əməliyyat hazırlığına start verilib. Bir neçə gün hazırlıq işlərindən sonra əməliyyat icra olunub. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub.
Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyəti stabildir və bu günlərdə evə buraxılacaqlar.
Bu gunə qədər Cərrahiyyə və Orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. Bunlardan 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb.
Xəstələrin bir qismi azyaşlılardır. Bundan əlavə isə bu günə kimi orqan köçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.
trend.az