Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir.
Bunu Perunun Bakıdakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.
Onun sözlərinə görə, hazırda Peru Azərbaycanın elektron viza proqramına qoşulub ki, bu da Peru pasportuna malik şəxslərə elektron viza almağa imkan verir:
“Peruda elektron viza sistemi mövcud deyil, amma biz çalışırıq ki, Azərbaycan vətəndaşlarına viza verilməsi prosesi daha sürətli və ucuz olsun”.
L.Ç.Boldrini bildirib ki, Peru və Azərbaycan turizm sahəsində oxşar xidmətlər təklif edir:
“Hər iki ölkə təcrübə mübadiləsi apara bilər və bu sahədə imkanların genişləndirilməsi üçün əməkdaşlıq edə bilərlər. Məsələn, Peru Azərbaycanla milli brendin yaradılması üzrə təcrübəsini bölüşə bilər”.
Diplomat əlavə edib ki, hazırda ölkələr turizm haqqında saziş üzərində çalışır. Bu saziş Perunun Xarici Ticarət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığı möhkəmləndirəcək:
“Hesab edirik ki, turizm insanları birləşdirən ən yaxşı vasitədir. Ölkəmizə marağı artırmaq üçün Peru mətbəxi festivalının təşkil olunmasına çalışırıq”.
trend.az