Ben Stiller kinematoqrafiyaya verdiyi töhfələrə görə mükafatlandırılıb. Tanınmış Hollivud aktyoru və rejissoru Ben Stiller hər il təqdim edilən "Amerika Sinematek Mükafatı"na layiq görülüb. Aktyora kinematoqrafiyaya verdiyi töhfələrə görə bu mükafat verilib. Mükafatın sayca 26-cı təqdimetmə mərasimi ötən həftəsonu Los-Anceles şəhərində baş tutub. Təqdimetmə mərasimindən sonra aktyorun şərəfinə qala gecəsi də təşkil edilib və gecədən əldə edilən gəlir "Amerika Sinematek" qeyri-kommersiya təşkilatının 1 illik fəaliyyətinə yatırılıb.
Aktyoru təbrik etməyə onun həmkarları Cenifer Eniston, Lora Dern, Uill Farell, eləcə də həyat yoldaşı, aktrisa Kristin Teylor gəlmişdilər. Qeyd edək ki, "Amerika Sinematek Mükafatı" əyləncə sənayesinə və kinematoqrafiya sahəsinə verdiyi töhfələrə görə qeyri-adi incəsənət xadimlərinə təqdim edilir.
Ben Stiller 1993-cü ildə "Ben Stiller Şou" adlı komedik şouya görə "Emmi" mükafatı da alıb. Qeyd edək ki, Ben Stiller bir aktyor kimi "Hamı Merinin dərdindən ölür", "Faker ailəsi ilə tanışlıq", "Muzeydə gecə" komediya filmləri ilə şöhrət qazanıb, eləcə də prodüser və rejissor kimi də fəaliyyət göstərir.
Milli.Az