Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda sorğu nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində keçirilir. Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib.
Bu gündən başlayaraq, 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandası Bakı, Sumqayıt və Xızı əhalisinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənir.
Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunur. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürülür. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılır. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsilə elektron bazaya yüklənilir və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılır.
Cari ilin oktyabrın ortalarınadək keçiriləcək STEPS-2017 sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün mühüm addım olacaq. İndiyədək bu sorğu ÜST tərəfindən ümumilikdə 104 ölkədə həyata keçirilib. Azərbaycanda isə QİX üzrə ilk araşdırma 2011-cı ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında keçirilib.
2017-ci ildən etibarən isə ölkəmizdə Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmri əsasında müntəzəm olaraq aparılacaq.
Sorğu ölkə əhalisi arasında QİX-lə bağlı vəziyyəti, respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması baxımından mühüm addım olacaq. Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırkı vəziyyəti haqqında ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirliməsinə yardım edəcək.
trend.az