Ələt-Astara avtomobil yolunun əsas hissəsi istifadəyə hazırdır
29.8.2017

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir-çox hissəsində tikinti işləri artıq yekunlaşıb.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yolun ümumi uzunluğu 173.6 km təşkil edir. Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə yol yatağının eni 26.5 metr təşkil edir. Bura 15 metr enində hərəkət hissə, 4 metr ayrıcı zolaq və 3.75 metr enində çiyinlər daxildir.

Sözügedən avtomobil yolu bir-neçə hissə üzrə inşa olunur. Bu 25 km-lik Yenikənd-Salyan (Kür körpüsü 1.6 km), 24.8 km-lik Salyan-Şorsulu, 30.1 km-lik Şorsulu-Cəlilabad, 32.2 km-lik Cəlilabad-Masallı və 61.4 km-lik Masallı-Astara hissələridir.

Ötən il prezident İlham Əliyevin iştirakı ilə yolun 23.4 km-lik Yenikənd-Salyan hissəsinin və bu hissədə yerləşən Kür çayı üzərində yeni inşa edilmiş 363 metr uzunluğunda körpünün (yanaşma yolları 1.2 km) açılış mərasimi keçirilib. Sözügedən hissədə 86 dairəvi boru və düzbucaqlı su keçidi, 12 yeraltı keçid, 2 körpü, həmçinin 1 tunel də inşa olunub.

Yeni magistral yolun 24.8 km-lik Salyan-Şorsulu və 30.1 km-lik Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Sözügedən hissələrdə yol əsasının inşası, asfalt-beton örtüyünün döşənməsi, yamacların bərkidilməsi və dəmir-beton baryerlərin qoyulması işləri aparılır.

Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində 179 dairəvi boru və düzbucaqlı su keçidi, 21 yeraltı keçid, 5 körpü, həmçinin 1 tunel inşa olunub.

Bundan başqa, Şorsulu-Cəlilabad hissəsində 12.5 km-lik yol trassası Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə 70 km-lik məsafədən qaya-daş parçaları gətirilib. Bundan başqa tikinti normalarına uyğun drenaj sistemi qurulub və daş dolğudan istifadə edilərək yol əsası inşa olunub. Yolun bataqlıq ərazidən keçən hissənin tikintisi üçün 1.2 mln. ton qaya-daş dolğusundan istifadə olunub.

Ümumilikdə magistral yolun 55 km-lik ərazisini əhatə edən hər iki hissə üzrə tikinti işləri gələn il ərzində yekunlaşdırılacaq.

Yeni magistral yolun 32.2 km-lik Cəlilabad-Masallı və 61.4 km-lik Masallı-Astara layihəsinin 41.5 km-lik hissəsində “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.

Tikintisi yekunlaşmış 73.7 km-lik hissələrdə ümumilikdə 303 dairəvi boru və düzbucaqlı su keçidi inşa olunub, 22 yeraltı keçid, 2 tunel, həmçinin 31 körpü inşa olunub. Bura Lənkəran çayı üzərində yerləşən və 205 metr uzunluğa malik yeni avtomobil körpüsü də daxildir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun işıqlandırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də görülüb.

Masallı-Astara layihəsinin qalan sonuncu 19.9 km-lik hissəsində isə son tamamlanma işləri görülür. Sözügedən hissədə 125 dairəvi boru və düzbucaqlı su keçidi inşa olunub, 10 yeraltı keçid, həmçinin 8körpü inşa olunub, digər işlər isə davam etdirilir. Magistral yolun bu kəsiyində işlərin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Beləliklə yolun tikintisi davam edən 55 km-lik və ötən il açılışı keçirilmiş 23.4 km-lik hissələri istisna olmaqla daha 93.6 km-lik əsas hissəsi yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38.4 km qısalaraq 204.6 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Bundan başqa, şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.

trend.az