Artım layihə məkanında yerli rəssamlar üçün seminarlara başlanılıb
29.8.2017

“YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında yerli fırça ustaları üçün braziliyalı rəssam Şeyla Zaqo tərəfindən seminar təşkil edilib.

Beş gün davam edəcək seminarın məqsədi kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Bu günlər ərzində rəssam, onu görməyə gələn, habelə yoldan keçən tamaşaçılar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək.

Layihə, dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. Doqquz il əvvəl Braziliyada yaradılmış layihə, bu gün dünyanın hər yerində incəsənət vasitəsilə insanları birləşdirməyə, bütün mümkün yerlərdə azlıqlar üçün eyni zamanda incəsənət, təhsil, sevinc və vizual imkanlar gətirməyə çalışır.

azertag.az