Azərbaycan Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müzakirə protokolunu təhsil naziri Mikayıl Cabbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae imzalayıb.
Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün onlayn elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verilməsidir.
Layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanılması Sisteminin, müəllimlərin onlayn təlimi üçün portalın, onlayn təhsil məzmununun hazırlanması, eyni zamanda server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Həmçinin Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb.
Layihə 3 il müddətində icra olunacaq.
trend.az