Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkədə əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Аzərbаycаn Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, bu sahədə mühüm işlər görülüb.
Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi olaraq, həcmi 10 000 kubmetr olan bir ədəd su anbarının tikintisinin tamamlanması, diametrləri 110-225 mm, uzunluğu 21,5 km olan paylayıcı su şəbəkəsinin, diametri 200-500 mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin, diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülmüş işlər nəticəsində sökülmüş 42 200 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb.
Sərəncamda qeyd olunur ki, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
trend.az