Bu gün Azərbaycan Britaniya Kollecində (ABC) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə müəllimlər, məktəbin heyəti, şagird və valideynlər iştirak ediblər.
Tədbirə qatılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb. SOCAR prezidenti ölkədə təhsilə böyük önəm verildiyini, son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəbin inşa olunduğunu qeyd edib.
“Azərbaycanda təhsil yüksək səviyyədə inkişaf edir. Çox sevindirici haldır ki, bu məktəb yeni yaransa da Azərbaycanda təhsilin keyfiyyətinə görə önəmli yerlərdən birini tutur. Məktəbin şagirdləri olimpiyadalara qatılaraq yaxşı nəticələr göstərirlər”,- deyə o əlavə edib.
ABC-nin direktoru Siqve Austheim isə tədris metodundan, uğurlardan danışaraq deyib ki, bu il təqaüdə düşən şagirdlərin sayı xeyli artıb.
Qeyd edək ki, kollecdə 480 şagird təhsil alır, 20 nəfərdən çox xarici mütəxəssis işləyir. Yerli müəllimlər məktəb hesabına Böyük Britaniyadakı Nottingham Universitetinin müəllim ixtisas artırma kurslarına göndərilir. Hazırda 6 müəllim təhsilini davam etdirir, 9-u isə kursu müvəffəqiyyətlə bitirib.
Kollec iki beynəlxalq akkreditasiya qurumuna - Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurasına üzvdür, həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil edib.
ABC-nin şagirdləri iki ildir SOCAR-ın təqaüd programında iştirak edir və bu müddət ərzində 40-dan çox şagird yüksək nəticələr göstərərək təqaüd alıb.
report.az