Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub. Bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlətimizin başçısına buradakı nadir bitkilər barədə məlumat verib. Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə prezident İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlətimizin başçısına təqdim olunub. Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb.
Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. Məlumat verildi ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulub. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınmışdır. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü vardır və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir. Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.
Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib. Sonda dövlət başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.
ANS PRESS