Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
Qurban Qurbanov (42 kq) və Nihad Məmmədli (46 kq) həlledici görüşə yüksəlmək imkanı əldə ediblər.
Mübarizəyə 1/8 finaldan başlayan Q.Qurbanov italiyalı Daniel Pramatarovu 5:3, ardınca namibiyalı Hafeni Festus Asinonu 8:0 hesabı ilə məğlub edib. O, yarımfinalda rusiyalı Aleksey Vlasovla qarşılaşacaq.
İlk görüşdə qırğızıstanlı Bəxtiyar Akberdiyevi 5:0, daha sonra türkiyəli Mukremin Aktaşı 4:1 hesabı ilə məğlub edən Məmmədli isə yarımfinalda rusiyalı Ənvər Allahyarovla üz-üzə gələcək.
Yarımfinal görüşləri saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Fikrət Vəliyevlə (69) Eldar Məmmədov (76) ilk görüşdə uduzublar. İlk dueldə ermənistanlı Tiqran Hambardzumyana qalib gəlib, 1/8 finalda belaruslu Nikita Heurasiouya məğlub olan Laçın Vəliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün rəqibinin finala yüksəlməsini gözləməlidir.
report.az