“Kaspersky Lab” şirkəti fərdi istifadəçilər üçün təqdim etdiyi müdafiə həllərini yeniləyib.
Şirkətdən verilən məlumata görə, indi onlardan ən çox istifadə olunan – “Kaspersky Internet Security” – şifrələyicilərin öhdəsindən daha yaxşı gəlir, ictimai Wi-Fi şəbəkələrinə qoşularkən “Mac” kompüterlərini qoruyur və “Android” cihazlarında hər bir tətbiq üçün ayrılıqda gizli kod quraşdırmağa imkan verir.
2017-ci ildə "Kaspersky Lab" tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, rəqəmsal cihazların sayı sabit olaraq artmaqdadır. Hazırda orta statistik Rusiya ev təsərrüfatında 6 qajetdən istifadə olunur, bir il əvvəl isə bu göstərici 5,6 olub. Eyni zamanda, cihazların yarısından çoxu (orta hesabla 3,6) məhz mobil cihazlardır, yəni istifadəçilərin çoxu smartfon və tabletlər vasitəsilə İnternetə çıxış əldə edir. Məhz bu səbəbdən "Kaspersky Lab" şirkəti ən məşhur mobil platforma olan “Android”in müdafiə sistemini gücləndirməyə qərar verdi.
“Kaspersky Internet Security”nin yenilənmiş versiyasında “Android” cihazlarında tətbiqlərə fərdi mühafizə keçidi nəzərdə tutulub. Məsələn, bir istifadəçi şəxsi mesajları, fotoşəkilləri, əlaqə siyahısını, korporativ poçtunu və ya başqa vacib məlumatları özündən başqa digər şəxslərin görməsini istəmirsə, hər bir tətbiq üçün ayrı-ayrılıqda gizli kod təyin edə bilər. Bu halda kodu bilməyən şəxs sadəcə olaraq proqramı aça bilməz. Bu cür müdafiə vasitələri hazırda çox aktualdır, belə ki, istifadəçilərin əksər hissəsi öz qajetlərini digər ailə üzvləri ilə, eləcə də, uşaqlarıyla bölüşür. “Kaspersky Lab” tərəfindən aparılan eyni araşdırmaya əsasən, Rusiyada qajet istifadəçilərindən, demək olar ki, hər beşincisi bunu edir.
“Windows” və “Mac” əsaslı kompüterlərin təhlükəsizliyi də diqqətdən kənar qalmayıb. “Windows” əsaslı cihazlar üçün mövcud həllə sistem yenilənməsi zamanı virusdan müdafiə funksiyası əlavə edilib. Bu da öz növbəsində bəzi zərərli proqram təminatlarının, ələlxüsus da, sifrələyicilərin əməliyyat sisteminin yenilənməsi zamanı proses üzərində nəzarəti ələ alması və müdafiə sisteminin hələ işə düşmədiyi bir vaxtda ümumi sistemə müdaxilə etməsi hallarını aradan qaldırmağa imkan verir.
Eyni zamanda, “Mac” istifadəçiləri üçün internet-trafikin kodlaşdırılması funksiyası da hazırlanıb. Texnologiya məlumatların oğurlanma riskinin ən yüksək olduğu zaman avtomatik olaraq başlanır, məsələn, ictimai Wi-Fi şəbəkələrinə qoşulduqda, onlayn bankçılıqdan və ya gizli məlumatların əks olunduğu digər saytlardan istifadə edərkən.
“İstifadəçilərimiz təhlükəsizliyi – bizim prioritetimizdir, məhz buna görə də çalışırıq ki, onları bütün mümkün kibertəhlükələrdən qoruyan çox çoxşaxəli müdafiə sistemi ilə təmin edək. Kibercinayətlərin inkişaf tendensiyalarını yaxından izləyir, istifadəçilərin seçdikləri cihazlar, məşhur platformalar, saytlar və tətbiqlər baxımından bizə ünvanladıqları müraiəctləri dərindən öyrənirik – bütün bu məlumatlar təqdim etdiyimiz məhsulları daha da təkmilləşdirməyə imkan yaradır. Biz artıq 20 ildir ki, kibertəhlükəsizlik sahəsində işləyirik və bu yolun yarısını qabaqcıl ev məhsulumuz olan Kaspersky Internet Security ilə birlikdə keçmişik. Buna görə də bu məhsul illər ərzində yaratdığımız ən yaxşı cəhətləri özündə cəmləşdirmişdir”, - deyə “Kaspersky Lab”ın Fərdi istifadəçilər üçün məhsulların idarə edilməsi departamentinin rəhbəri Yelena Xarçenko bildirib.
“Kaspersky Internet Security” 2006-cı ildən etibarən rəqəmsal dünyada istifadəçinin həyatını qoruyur. Beləliklə, sözügedən həll maliyyə əməliyyatlarını təhlükəsizləşdirir, veb-kameraya və mikrofona icazəsiz girişləri bloklayır, Wi-Fi əlaqələrinin, saytların və proqramların təhlükəsizliyini yoxlayır, həmçinin uşaqları onlayn şəkildə müdafiə edir. Bunların hamısı isə bütün növ kibertəhlükələrin avtomatik aşkarlanması və bloklanması fonunda baş verir.
Fərdi istifadəçilər üçün yenilənmiş məhsul xəttinin bütün xüsusiyyətləri haqqında ətraflı məlumat: https://www.kaspersky.ru/home-security
trend.az