“Asılmış kitab” marafonu keçirilir
6.9.2017

Paytaxtımızda ilk dəfə olaraq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında “Asılmış kitab” payız kitab marafonu keçirilir.

İdarədən bildirilib ki, noyabrın 30-dək davam edəcək marafonda oxucular bəyəndikləri kitab haqqında rəy yazmaqla yanaşı, onu başqasına tövsiyə etmək məqsədilə rəmzi olaraq yaradılmış ağacdan “asa bilmək” imkanı əldə edəcəklər. Marafonun məqsədi üstündə rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır.

“Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb. Ənənənin yaranma tarixçəsinə nəzər salaq. Vaxtilə Neapolda kafedə müştərilərdən biri içəcəyi qəhvədən əlavə bir fincan qəhvənin də pulunu ödəyib. Əlavə qəhvəni isə kafeyə gələn, lakin içdiyinin pulunu ödəməyə imkanı olmayan hər hansı bir müştəri üçün kənarda “asmağ”ı xahiş edib. Bu aksiyanın məqsədi insanın özünün bəyəndiyi nəyisə onu əldə etməyə imkanı olmayan digəri ilə bölüşməsidir.

Səbail rayon MKS-nin mərkəzi kitabxanasının məqsədi xeyriyyəçilikdən uzaq olsa da, bu ənənə vasitəsilə oxucuları mütaliəyə daha cəlb etmək, kreativ iş üsullarına üz tutaraq kitab dövriyyəsini artırmaqdır.

Marafon nəticəsində oxucular tərəfindən ən çox sevilən və oxunan kitabların siyahısı tərtib olunacaq.

azertag.az