Dünyanın ən populyar müğənnilərindən biri, britaniyalı Sara Braytman ötən ay bəyan etmişdi ki, kosmik turist qismində Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanacaq.
Lakin Rusiya Kosmik Tədqiqatlar Agentliyindən verilən məlumata görə, Braytman kosmosa uçmaya bilər.
"Roskosmos"un nümayəndəsi Aleksey Krasnovun dediyinə görə, müğənni hələ onlarla müqavilə imzalamayıb.
Halbuki "Roskosmos" 2015-ci ilədək "Soyuz" kosmik gəmiləri vasitəsilə BKS-ə yollanacaq heyətlərin siyahılarını artıq təsdiqləyib.
"Bundan başqa, yaxın üç ildə Braytmanın səhhətinin necə olacağı bilinmir. O, sürəkli qastrollarda olduğu üçün müəyyən risklər mövcuddur", - "Roskosmos" mənsubları deyiblər.
Üstəlik, uçuş vaxtı gələndə Braytmanın 55 yaşı tamam olacaq və o, dünyanın ən yaşlı potensial astronavtlarından biri sayıla biləcək.
Bununla belə, dünən "Roskosmos" Sara Braytmanın adını 2015-ci ilədək kosmosa yollanacaq "turist"lər siyahısına daxil edib.
Üç nəfərlik qruplardan birində Sara Braytman olacaq. Digər iki nəfər də "Roskosmos"un müştəriləridir. Həmin şəxslərin kimlikləri hələlik müəyyənləşdirilməlidir.
"Turist missiyasının komandiri peşəkar olacaq və bu məsələ heç müzakirə də olunmur. Digər iki nəfərin namizədlikləri hələlik müzakirə olunur. Seçim üçün yetərincə vaxt var", - Aleksey Krasnov söyləyib.
BKS-ə turist uçuşunun təhlükəsizliyini "Energia Space Rocket Corporation" təmin edəcək.
Kosmosa 10 sutkalıq yollanacaq Sara Braytman BKS-də məşhur mahnılarından birini oxumaq niyyətindədir.
O, 2013-cü ildə dünya turnesini başa vurandan sonra kosmosa uçuşa hazırlaşmağa başlayacaq.
Milli.Az