Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı artıb
7.9.2017

2017-2018-ci tədris ili üçün təhsil müəssisələrinə tələbə qəbulu zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin (200 baldan çox bal toplayanlar) sayında 11,3 faiz artım olub.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, son dörd ildə ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14,6 faizə qədər artmasına, ərizə verənlərin sayının isə 15 faizədək azalmasına baxmayaraq, bu il müvafiq qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35 min 790 nəfər (50,6 faiz) təşkil edib. Bu göstərici ötən illə müqayisədə 6,7 faiz artıqdır.

Y.Piriyev məlumat verib ki, keyfiyyət göstəricisində də artım müşahidə olunur. Son 4 ildə qəbul imtahanlarında 400-dən çox bal toplayanların sayı 18,8 faiz, 500-dən çox bal toplayanların sayı 27,6 faiz, 600-dən çox bal toplayanların sayı isə 43,3 faiz artıb. Bu, ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artması deməkdir.

Bu il qəbul imtahanlarında 2 min 464 nəfər 600 baldan yuxarı nəticə əldə edib. Ötən il bu rəqəm 2 min 281, 2015-ci ildə 2 min 94, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu il 15 abituriyent 700 bal toplayıb.

azertag.az