Polşada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılan abidənin açılışında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin, Milli Yaddaş İnstitutunun, Polşa Parlamentinin, Veteranlar Təşkilatının nümayəndələri, Varşava şəhəri administrasiyası və ictimaiyyət nümayəndələri, eləcə də diaspora üzvləri iştirak ediblər.
Abidənin açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətləri barədə danışaraq bugünkü tədbirin simvolik əhəmiyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin mart ayından 1920-ci ilin fevral ayınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında gördüyü əhəmiyyətli işlərdən bəhs ediblər.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə Azərbaycanın işğalından sonra Polşaya mühacirəti, Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibindəki polkun komandiri kimi Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
report.az