Respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Cəlilabadda keçirilən regional maarifləndirici forumda bildirilib.
Dəqiq torpaq uçotu məlumatları əsasında Sumqayıt və Gəncə şəhərlərinin, Xızı, Abşeron, Salyan, Ağsu rayonlarının ərazilərindəki bütün bələdiyyələrin ərazilərinin xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.
Bələdiyyə torpaqlarının elektron kadastr məlumat bazasında torpaq sahələrinin mülkiyyət növləri, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri əks olunub.
Ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.
trend.az