Mingəçevirdə skautların avarçəkmə düşərgəsi təşkil olunacaq
8.9.2017

Sentyabrın 22-24-də Mingəçevir şəhərində növbəti dəfə skautların avarçəkmə düşərgəsi təşkil olunacaq. Düşərgə Təhsil Nazirliyinin Kür çayı sahilində yerləşən Mingəçevir şəhər Avarçəkmə Uşaq-Gənclər İdman Məktəbinin ərazisində olacaq.

Düşərgənin əsas məqsədi yeniyetmə və gənclər arasında Olimpiya Oyunlarında və dünya kuboklarında Azərbaycan idmançılarının uğurla çıxış etdikləri avarçəkmə idman növlərinə marağın artırılması və Mingəçevirdə skaut hərəkatının təbliğindən ibarətdir.

Düşərgə zamanı iştirakçılar avarçəkmə idman növləri olan kanoe, baydarka ilə üzmə bacarıqlarını öyrənəcəklər. Eləcə də skautların həyat tərzi, öyrənmə metodları və dinamik (ekstrim) proqrama uyğun digər fəaliyyətləri ilə tanış olacaqlar.

Kür çayı sahilində əyləncəli skaut fəaliyyətləri və təlimlə yanaşı, proqrama iştirakçıların Mingəçevir şəhərini yaxından tanımaq, gəmidə səyahət etmək, gecə yürüşü, balıq tutmaq, su anbarına ekskursiya və digər bu kimi fəaliyyətləri daxildir.

azertag.az