Gözünü ovcunun içində saxla...
8.9.2017

Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün amerikalı oftalmoloq Uilyam Beytsin 100 il əvvəl təklif etdiyi metod bu gün də öz cəlbediciliyini itirməyib.

Rusiyanın “Arqumentı i faktı” həftəliyinə istinadən xəbər verilir ki, həmin metod bütün göz problemlərinin stress və gərginlikdən qaynaqlandığını əsas götürərək eynəkdən istifadə etmədən gözə istirahət verməklə yaxıngörmə (miopiya), uzaqgörmə (hipermetropiya) və astiqmatizm kimi xəstəliklərdən xilas olmağı nəzərdə tutur.

U.Beytsin fikrincə, gözə istirahət verməyin ən yaxşı yolu göz bəbəyinə işıq düşməsinin qarşısını almaqdır. Bunun üçün palminq (ingiliscə “palm” – “ovuc” sözündəndir) adlanan xüsusi təmrin də işlənib hazırlanıb. Təmrin zamanı masanın qarşısında əyləşib ona dirsəklənərək yumulmuş gözləri ovucla, üzərinə basmadan bağlamaq lazımdır. Elə bir şərait yaradılmalıdır ki, diqqəti yayındıran heç nə olmasın: nə parlaq işıq, nə səs-küy, nə də fikir dağınıqlığı... Beş dəqiqə həmin vəziyyətdə qalaraq fikrən yüzə qədər saymaq, müxtəlif rənglərin palitrasını, ya da hər hansı əşyanın, məsələn, bir çiçəyin bütün təfərrüatını, yaxud da böcəyin onun üzərində necə gəzdiyini göz önünə gətirmək olar.

Elmi dəyəri müasir oftalmologiyada qəbul edilməyən, görməni əhəmiyyətli dərəcədə yaxşılaşdırması barədə təsdiqlənmiş elmi məlumatlar olmayan metodun, hər halda, faydası vardır. Ən azı, kompüter arxasında işləyərkən göz yorğunluğunun aradan qaldırılması üçün həmin təmrini icra etmək xeyirlidir. Palminq, həmçinin yuxuqabağı psixi gərginliyi də aradan qaldıra bilir.

azertag.az