Oğuzda ilk dəfə keçirilən “Şəfa” bayramında bölgənin zəngin dərman bitkiləri nümayiş etdirilib
8.9.2017

Əsrarəngiz təbiəti ilə seçilən Oğuz rayonu şəfaverici bitkiləri, dərman otları ilə zəngin olan bölgələrimizdəndir. Rayonun florası insan sağlamlığı üçün əhəmiyyətli rol oynayan zəngin bitki aləminə malikdir.

Məhz bu özəllikləri nəzərə alaraq Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayonda ilk dəfə olaraq “Şəfa” bayramı keçirilib. Şəhər istirahət parkında təşkil edilən bayram tədbirində Oğuzun, eləcə də qonşu Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşələrində, dağlarında, düzənlik ərazilərində bitən dərman otları, şəfaverici bitkilər, həmçinin müalicəvi mineral sular, tərəvəz məhsulları, ev şəraitində hazırlanmış mürəbbə və şirələr nümayiş etdirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, ilk dəfə təşkil edilən “Şəfa” bayramının əhəmiyyətindən danışıblar.

Bayramda iştirak edən rayonların təqdim etdikləri sərgilərdə nümayiş etdirilən kəklikotu, yemişan, gülxətmi, itburnu, cökə çiçəyi, çaytikanı, dağ nanəsi, sumax, zəfəran və digər şəfalı bitkilər, meyvə və giləmeyvələr bayram iştirakçıları, rayona gələn qonaqlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Şəfa” bayramının ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

azertag.az