Ukrayna Ticarət-Sənaye Palatası Qazaxıstan şirkətləri ilə birgə Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yüklərin daşınma tariflərinin azaldılmasına nail olmağa çalışacaq.
Bunu Palatanın vitse-prezidenti Sergey Svistil "EXPO 2017. ASTANA. Future energy" sərgisi çərçivəsində keçirilən brifinqdə bildirib.
"Qazaxıstan Xarici Ticarət Palatası ilə qarşılıqlı anlaşma memorandumu imzalamışıq. Həmçinin, Astana Sahibkarları Assosiasiyası ilə də memorandum imzaladıq. Bunları Ukraynada olan Qazaxıstan biznesini birləşdirmək və bunun hesabına Azərbaycan və Gürcüstan ərazisi üzrə tranzit tarifləri üçün endirim əldə etmək məqsədilə etdik", - deyə o, əlavə edib.
S.Svistil xatırladıb ki, Rusiya ərazisindən tranzit yolların məhdudlaşdırılması nəticəsində Qazaxıstanla Ukraynanın ticarət dövriyyəsinin həcmi ciddi şəkildə azalıb: "Ticarət dövriyyəsinin həcmi 3 mlrd. dollar təşkil edirdi, indi bu rəqəm 1 mlrd. dollar olub. 2013-cü ildə mövcud olan həmin rəqəmlərə yenidən nail olmaq üçün işləmək lazımdır. Bu həcmin azalmasına səbəb ancaq Rusiya ərazisindən tranzit yollardan istifadə edə bilməməyimizdir. Digər marşrut - Qazaxısıtan-Azərbaycan-Gürcüstan-Ukrayna üzərində işləmək lazımdır".
S.Svistil əlavə edib ki, Ukraynanın liman rüsumlarının azaldılmasına dair qərarı Azərbaycan və Gürcüstan ərazisindən keçməklə, Qazaxıstanla ticarət dövriyyəsinin fəallaşması yolunda müsbət addımdır.
report.az