Bakıda “Pulsuz 3000 kitab” aksiyası keçiriləcək
11.9.2017

Sentyabrın 16-da “Hədəf” kurslarının təşəbbüsü ilə “Pulsuz 3000 kitab” aksiyası keçiriləcək.

Kursun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, artıq 9 ildir Bilik Günü münasibətilə belə bir aksiya təşkil edirlər. Qurum fəaliyyətə başladığı ilk illərdən təhsilimizin inkişafı, gənclərin maariflənməsinə dəstək məqsədilə bir neçə sosial layihəyə imza atıb. Növbəti layihə yeni tədris ilinin başlanğıcında tələbə olmaq istəyən abituriyentlər və məktəblilər üçün nəzərdə tutulub.

“Ali məktəblərə hazırlaşan abituriyentlərin kitab və test vəsaitlərini əldə etməsi bəzən müəyyən qədər maddi sıxıntıya səbəb olur. Bu maddi sıxıntını aradan qaldırmaq üçün “Hədəf” kursları 3 min dərslik, bədii kitab və test vəsaitlərini şagirdlərə bu il də ödənişsiz paylayacaq”, - deyə kursun rəhbəri bildirib.

Onun sözlərinə görə, layihəyə qoşulmaq istəyən kənar şəxslər də istifadəyə yararlı, lakin ehtiyacları olmayan dərslik, bədii kitab və test vəsaitlərini gətirib imkansız şəxslərin oxumasına dəstək ola bilər. Aksiya sentyabrın 16-da saat 15-dən 18-dək davam edəcək.

azertag.az