Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə “Etnik musiqi inciləri” adlı beynəlxalq layihə ilə tamaşaçılarının görüşünə gələcək. Layihə çərçivəsində dünyanın bir çox ölkələri öz etnik musiqiləri ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.
Mərkəzdən bildirilib ki, bu silsilədən ilk olaraq sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Moldova etnik musiqiləri səslənəcək.
Konsert Azərbaycan ilə Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.
Konsertdə Moldovanın Xalq Artisti Kanstantin Moskoviç çıxış edəcək. Moldova xalq çalğı aləti olan “Nae”də (Pan Fllute) ifa edən sənətkar öz ölkəsinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirəcək. Konsertdə digər moldovan musiqiçilər – Dumitru Dubajiu, Vladimir Andrianom, Valentina Nejel və Radu Talambuta iştirak edəcəklər.
Gecədə, həmçinin Azərbaycanın Əməkdar Artisti Şirzad Fətəliyev balabanda Moldova və Azərbaycan musiqisini səsləndirəcək.
azertag.az