Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü keçiriləcək.
Elmi-Metodiki Mərkəzdən bildirilib ki, görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlaşmalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə olmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırılmasıdır.
Tədbirdə şəhərin bütün rayonlarını əhatə edən 200 gənc mədəniyyət işçisinin iştirakı gözlənilir.
Görüşdə sahənin cəmiyyətdəki nüfuzu, dövlətimizin inkişafında və xalqın rifahında mədəniyyət amili, təşəbbüskarlıq və kreativlik, müasir düşüncə və mənəvi sərvətimiz olan adət-ənənələrimiz, fəaliyyətimizin müasir formaları, mədəniyyət müəssisələrinin sosial imici, əməkdaşların peşəkarlığı, azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu, vətənpərvərlik və mədəniyyət, sərbəst fəaliyyət, məhdud şərait və tükənməz arzular, bacarıqlarımızın və istəklərimizin nisbəti, əlavə maliyyə qazancı olan qrantlarla iş və s. mövzuların müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" ümumrespublika toplantısından başlayaraq region kreativləri ilə bir çox görüş və tədbirlər keçirmişdir.
azertag.az