Pakistanda “Mən Azərbaycan haqqında nə bilirəm” məqalə müsabiqəsinin qalibləri ilə görüş keçirilib
11.9.2017

Azərbaycanın Pakistandakı səfirliyində bu ölkənin gəncləri arasında ilk dəfə təşkil olunun “Mən Azərbaycan haqqında nə bilirəm” məqalə müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə Pakistandakı səfirimiz Əli Əlizadə qalibləri təbrik edərək onlara Azərbaycanın siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın etnik təmizləmə və terrorçuluq siyasəti haqqında məlumat verib. Azərbaycana göstərdikləri marağa görə gənclərə təşəkkür edən səfir onların yazdıqları məqalələrin önəmli mövzuları əhatə etdiyini vurğulayıb.

Səfir deyib ki, qaliblər sentyabr ayında Azərbaycana bir həftəlik səfər etmək imkanı qazanıb, onlar yeddi gün ərzində ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.

Müsabiqənin qalibləri yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirib, bu ölkə haqqında daha yaxından məlumat əldə edəcəklərini və hər şeyi öz gözləri ilə görməkdən məmnun olacaqlarını söyləyiblər.

Xatırladırıq ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Pakistandakı səfirliyimizin təşkilatçılığı ilə Pakistan gəncləri arasında ilk dəfə olaraq keçirilən bu müsabiqə “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası” və digər mövzuları əhatə edib. Pakistanın müxtəlif universitet və digər təhsil müəssisələrindən müsabiqə komissiyasına məqalələr təqdim edən 200-ə yaxın iştirakçı arasından 5 nəfər qalib adını qazanıb.

azertag.az