Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədilə 106 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən məlumat verilib ki, 2009-2016-cı illəri əhatə edən sənədlər dövlət müstəqilliyi illərində Şamaxı rayonunda aparılan abadlıq-quruculuq işlərini, əhalinin məşğulluğunu, zavod və fabriklərin yaradılmasını, yolların yenidən qurulmasını, habelə kənd və qəsəbələrdə görülən işləri əhatə edir.
Bununla yanaşı, fotosənədlər rayonda turizm obyektlərinin, mehmanxanaların, parkların yaradılmasını, tarixi-memarlıq abidələrinin, qədim məscidlərin əsaslı təmirini, yeni tikilmiş binaların sakinlərin istifadəsinə verilməsini, nazirlik və komitələrin yerli təşkilatları üçün tikilmiş inzibati binaların açılışını, rayon icra hakimiyyətinin fəaliyyətini, məktəb, xəstəxana binalarının açılış mərasimlərini, rəsədxananın yenidən qurulmasını, kənd və qəsəbələrə xətlərin çəkilişini əks etdirir.
Hazırda sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, sənədlər haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.
azertag.az