İran İslam Respublikasının Parsabad Şəhər Mədəniyyət İdarəsinin rəisi Qərib Mənuçehri Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında olub.
İranlı qonaq əvvəlcə teatrın inzibati binası, tamaşa zalı, geyim və dekorasiya sexləri ilə tanış olub, həmçinin yeni səhnə əsərinin məşq prosesini izləyib.
Yaradıcı kollektivlə görüşdə Qərib Mənuçehri Lənkəran teatrında yaradılmış şəraitdən məmnun qaldığını, aktyorların professionallıq səviyyəsinin onu valeh etdiyini bildirib. O deyib “Sizin kollektivin gücünə, potensialına hələ 10 il öncə - parsabadlı sənətçilərin şəhərinizdə, teatrınızın səhnəsində oynadıqları “Nəsimi” tamaşasından sonra bələd olmuşam. İyunun sonlarında Parsabadda qastrol səfəriniz də yüksək səviyyədə keçdi. Siz öz istedadınızın coşğunluğu ilə iranlı teatrsevərlərin qəlbini fəth etdiniz”.
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Azərbaycanla İran arasında mədəni əlaqələrinin getdikcə daha da sürətlə inkişaf etdiyini, belə görüşlərin və qarşılıqlı əməkdaşlığın hər iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi önəm daşıdığını diqqətə çatdıraraq deyib: ”Biz sizin şəhərinizdə olduğumuz 3 gün ərzində tərəfinizdən əsl dostluq, qardaşlıq münasibətləri müşahidə etdik. Çıxışlarımız üçün yaratdığınız yüksək şəraitə və qonaqpərvərliyə görə bir daha minnətdarlığımızı bildirir və sizin sənətçilərinizin də yenidən səhnəmizdə tamaşa oynamaları üçün eyni şəraiti yaratmağı öhdəmizə götürürük”.
Xalq Artisti Qabil Quliyev çıxışında Parsabad şəhərində qastrol səfəri zamanı onlara göstərilən diqqət və qayğıya görə iranlı qonağa minnətdarlığını bildirib.
azertag.az