“Nə? Harada? Nə zaman?”nın “İçərişəhər kuboku”nun nəticələri açıqlandı
22.11.2012

Azərbaycanın İntellektual Klublar Assosiasiyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyununun “İçərişəhər kuboku” beynəlxalq sinxron turnirini keçirib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 15 ölkənin 80 şəhərindən 500-dən çox komanda iştirak edib. Hər bir şəhərdə oyundan qabaq İçəri Şəhər, Azərbaycanın tarixinə və görməli yerlərinə həsr olunan məlumat xarakterli mətn oxunub. Azərbaycanda oyun Bakı şəhərində, “İçərişəhər” klubunda və bir neçə başqa klublarda keçirilib.

İlkin nəticələrə əsasən, kubokda Hayfa (İsrail) şəhərinin komandası qalib gəlib. İkinci-üçüncü yerləri Moskva və Sankt-Peterburq (Rusiya) şəhərlərinin komandaları bölüşüblər. Azərbaycan komandaları arasında isə qalib Balaş Qasımovun komandası olub.

Qeyde dək ki, “İçərişəhər kuboku” turnirlərini müntəzəm olaraq keçirmək planlaşdırılır. 2013-cü ilin fevral ayına II, 2013-cü ilin aprel ayına isə III beynəlxalq sinxron turnirin keçirilməsi planlaşdırılır. Üç mərhələnin nəticələrinə əsasən, ümumi qiymətləndirmə aparılacaq və qalib-komanda “Nə? Harada? Nə zaman?” oyununun beynəlxalq turnirində iştirak etmək üçün Bakıya dəvət olunacaq.

Qeyd edək ki, “İçərişəhər kuboku” Azərbaycan təşkilatçıları tərəfindən keçirilən ilk beynəlxalq sinxron turnirdir.

Oyunlarda iştirak edən komandalar turnirin təşkilat səviyyəsini və verilən sualları yüksək qiymətləndirib və “İçərişəhər Kuboku”nun növbəti mərhələlərində iştirak etmək istəklərini bildiriblər.

Xatırladaq ki, AİKA “Nə? Harada? Nə zaman?” oyununu təbliğ etmək və ölkə gənclərinin intellektual inkişafını təmin etmək məqsədi ilə yaradılıb. Hal-hazırda Assosiasiya 4 klubu özündə birləşdirir. Assosiasiyanı məşhur Azərbaycan elitar klubun kapitanı və “Nə? Harada? Nə zaman?” Azərbaycan verilişinin prodüseri Balaş Qasımovdur.

ANS PRESS