Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb
13.9.2017

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb.

Muzeydən bildirilib ki, 2010-cu ildə təsis edilmiş “Mükəmməllik Sertifikatı” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerləri, tarixi məkanları, keyfiyyət, xidmət və digər sahələrdən məmnunluğu əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.

Azərbaycan Xalça Muzeyinin “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülməsi ölkəmizin zəngin mədəni irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

azertag.az