2018-ci ilin əvvəlindən etibarən Azərbaycanda yeni avtomobillərin buraxılacağı planlaşdırılır. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Onun sözlərinə görə, Neftçalada avtomobil zavodunun tikintisi sona çatmaq üzrədir: "Biz iranlı tərəfdaşlarımızla birgə avtomobil istehsalının başlanğıc tarixini gələn il kimi müəyyən etmişik".
Qeyd edək ki, Neftçala sənaye məhəlləsində İran tərəfi ilə birlikdə tikilməkdə olan avtomobil zavodunun əsası 2016-cı ildə qoyulub. Müəssisənin planlaşdırılmış gücü ildə 10 min avtomobil təşkil edir.
Nazir müavini həmçinin əlavə edib ki, öz zavodlarını tikən əczaçılıq şirkətləri ilə də əməkdaşlıq davam edir: "P-farm" şirkətinin zavodu gələn il istifadəyə veriləcək, İranın əczaçılıq şirkətinin zavodunun isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub".
S.Babayev qeyd edib ki, ölkə başçısının sərəncamı ilə əsası qoyulmuş sənaye parkları və məhəllələri uğurla inkişaf edir və yenilərinin açılışı planlaşdırılır.
report.az