“Yuğ"un aktyorları səhnədə "Quş dili"ndə danışacaq
13.9.2017

İnsanın ən böyük təlaşı – itirmək qorxusudur. Bəzən insan içini gəmirən vahimədən xilas olmaq, tapındığı Allahdan, yaşadığı həyatdan nə istədiyini anlamaz. Həyatın ən vacib məqsədi – düzgün olan yolu tapmaqdır. Əhdə sadiq qalmağın yeganə yolu – arif olmaqdır! Yol boyu sayrışan işarələri oxumaq – cəsarət, səmimiyyət, həssaslıq istər. İşarələrin də dili var.

Azərbaycan Dövlət “Yuğ” Teatrının 29-cu mövsümdə təqdim edəcəyi yeni “Quş dili” tamaşası həyatdakı işarələri duymaq üçün yeni dil təklif edir.

Teatrın mətbuat katibi Könül Cəfərova sənət ocağında hazırlanan yeni tamaşa haqqında ətraflı məlumat verib.

Tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir. Səhnə əsərində Əməkdar Artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcək.

“Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var”,- deyə K.Cəfərova bildirib.

Qeyd edək ki, hazırda məşqləri davam edən tamaşanın premyerası oktyabra planlaşdırılır.

azertag.az