Dünya elektrik istehlakı 2035-ci ilə qədər 50% artacaq
14.9.2017

Dünya elektrik istehlakının 2035-ci ilə qədər 40-50% artım göstərəcəyi ehtimal edilir.
Belə bir proqnoz Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin analitik hesabatında verilib.
"Dünyanın böhrandan çıxması, inkişaf etməkdə olan ölkələrin rifah halının yaxşılaşması fonunda elektrik istehlakının artması gözlənilir. 2035-ci ilə qədər hazırda elektrikdən istifadə edə bilməyən 1,3 mlrd., "odundan istifadə edən" 2,7 mlrd. və əhalinin artması hesabına 1,6 mlrd. insanın yeni istehlakçıya çevrilməsi gözlənilir", - hesabatda göstərilib.
Mərkəzin analitikləri hesab edirlər ki, elektroenergetikada effektivliyi artırmaq üçün rəqəmsallaşmaya keçid zəruridir. Rəqəmsal elektroenergetika bərpa olunan enerji mənbələrindən istifadəni, enerjinin toplanma sistemini, tənzimlənən elektrik istehlakını və müxtəlif energetik xidmətlərin təşkilini maksimum dərəcədə qənaətlə həyata keçirməyə imkan verir.
Hesabatda həmçinin yeni energetika sistemlərinin struktur və texnologiya xüsusiyyətlərinin interneti xatırladacağı bildirilib. Məhz bu səbəbdən yeni yaranacaq sistemi "İnternet of Energy" adlandırırlar. Energetika sistemində əsas vəsaitlərin köhnəlməsi elektroenerji qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Bu da, öz növbəsində, elektroenergetika sahəsinə investisiya qoya bilməyən bəzi ölkələrdə mal və xidmətlərin rəqabət qabiliyyətliliyini aşağı salacaq.

report.az