“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində keçirilən Mübadilə Proqramının iştirakçıları Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən olmaqla, beş müxtəlif regionda fəaliyyətlərini başa vurublar.
Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği, onları könüllülük fəaliyyətinə həvəsləndirmək və könüllülük fəlsəfəsinin inkişafına təkan verməkdir.
Gənclər Təşkilatları Milli Şurasından bildiriblər ki, mübadilə zamanı 5 müxtəlif regionda fəaliyyətdə olan Gənclər evlərinə 5 gənc göndərilib və 1 ay müddətində onlar həmin regionlarda təcrübə qazanıb, bacarıqlarını inkişaf etdirib, uğurlu karyera qurmaq imkanı qazanıblar.
Regionlarda fəaliyyət göstərən proqram iştirakçıları layihə ilə bağlı öz fikirlərini bölüşüblər. Layihənin onların zehni inkişafına, gələcək fəaliyyətlərinin daha planlı təşkilinə böyük kömək olacağını bildiriblər.
azertag.az