“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
B.Xəlilov deyib ki, layihə 2016-cı ilin 17 noyabr tarixindən etibarən DİM tərəfindən Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilir. Layihə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin, yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.
Layihənin 1-ci komponentinin həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilən layihə çərçivəsində pilot orqan kimi seçilib. Pilot layihə uğurla tamamlanıb və arzuolunan nəticələr əldə edilib.
trend.az