Noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 90 il ötür. Bu münasibətlə Azərbaycanın dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək, əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül-çiçək dəstələri düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.
Sonra iştirakçılar dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə əklil və gül-çiçəklər düzmüşlər.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqaları çıxış edərək görkəmli musiqiçi Fikrət Əmirovun həyat və fəaliyyəti, zəngin yaradıcılığı, yüksək insani keyfiyyətlərindən söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin bəstəkar Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar müvafiq Sərəncamına əsasən, ölkəmizdə müxtəlif tədbirlər keçiriləcəkdir.
Bildirilmişdir ki, bəstəkarın zəngin yaradıcılığı Azərbaycan mədəniyyətinin parlaq və qiymətli səhifələrindən birini təşkil edir. Bütün yaradıcılığını milli mədəniyyətimizin inkişafına həsr etmiş Fikrət Əmirov Azərbaycan konsert janrının ilk nümunələrini yaratmışdır. Bəstəkar Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan musiqi sənətinə və mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi gələcək nəsillər üçün də örnək olacaqdır. Onun xatirəsi hər zaman bizim qəlbimizdə ehtiramla anılacaqdır.
Ölməz sənətkar Fikrət Əmirovun ailə üzvləri adından bacısı Şəfiqə Daşdəmirova çıxış edərək qardaşının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.
AzərTAc