Azərbaycanın milli kino sənəti 119 il ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayişi ilə milli kino sənətinin əsası qoyulub.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə məhz həmin gün - avqustun 2-si hər il Azərbaycanda Kino Günü kimi qeyd olunmağa başlayıb.
Son 10 ildə ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb, kinomuzun maddi-texniki bazası möhkəmləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
Bu yaxınlarda regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb. Əmrə əsasən, hər il sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev regionlarda kino işinin təşkili ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə danışıb.
Kino mövsümünün açılışına ciddi hazırlıq işlərinin görüldüyünü söyləyən E.Əliyev bu gündən başlayaraq paytaxtda və bölgələrdə yerləşən 250-dək mədəniyyət müəssisəsində həftədə üç dəfədən az olmayaraq Azərbaycan filmlərinin nümayiş olunacağını qeyd edib. Həmin müəssisələrə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları, kənd klubları, eyni zamanda, film nümayişi üçün müvafiq imkanları olan digər obyektlər daxildir. Bu sahədə Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının da üzərinə xeyli iş düşür.
Həmin gün müxtəlif tədbirlər keçiriləcəyini, daha sonra isə Azərbaycan filmlərinin nümayiş olunacağını deyən nazirlik nümayəndəsi prosesin davamlı olacağını bildirib: “İlin sonunadək nümayiş olunacaq filmlərin repertuarları hazırlanaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən təsdiqlənib. Həmin filmlər regional mədəniyyət və turizm idarələrinə çatdırılıb, kino işinin nümayişinə məsul şəxslər müəyyən olunub və onlara lazımi təlimatlar verilib. Gələn ilin yanvarından ilk altı ay üçün yeni repertuar müəyyən olunacaq. Repertuarda, əsasən müstəqillik illərində çəkilən, televiziya ekranlarında nümayiş etdirilməmiş və ya az nümayiş etdirilən filmlərə üstünlük verilib. Bununla yanaşı, repertuara müstəqillik dövründə Qarabağ mövzusunda çəkilən, habelə sovet dövründə müharibə mövzusunda ekranlaşdırılan müxtəlif mövzularda filmlər daxil edilib. Həftənin üç günü Azərbaycan, digər üç günü isə Bakıda müstəqil kinoteatrların repertuarında olan xarici filmlər göstəriləcək”.
Azərbaycan və xarici filmlərin nümayişinə ciddi nəzarət mexanizminin olacağını deyən E.Əliyev kino haqqında verilən əmrə əsasən regionlarda kino nümayişi işinin monitorinqini aparacaq işçi qrupunun yaradıldığını da vurğulayıb: “Həmin işçi qrupu bölgələrə ezam olunaraq prosesin gedişatı ilə tanış olacaq və rəhbərliyə hesabat verəcək. Məqsəd müstəqillik dövründə kino və kinoteatrlardan üz çevirmiş tamaşaçıları geri qaytarmaq, onların milli filmləri, ümumən ekran əsərlərini izləmək marağını bərpa etmək və beləliklə, asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır”.
azertag.az