“Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinin qalibləri Londonda elan edilmişdir
22.11.2012

Noyabrın 20-də London şəhərindəki “La Galleria Pall Mall”da “Azərbaycan fotoobyektivlərdə” sərgisinin açılışı olmuşdur.

Sərginin açılış mərasimində Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil edilən “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinin qaliblərinin adları elan edilmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, fotoqraf Asim Talıbın 1985-ci ildə Kəlbəcər rayonunda çəkdiyi “Ağsaqqallar” fotosu müsabiqənin qalibi seçilmişdir. Müsabiqədə ikinci yerə “Bibiheybət məscidi” fotosuna görə Etibar Cəfərov, üçüncü yerə isə “Alovlar və iynə” fotoşəkilinə görə Fuad Babayev layiq görülmüşlər.

Sərgidə bütövlükdə Azərbaycanın etnoqrafiyası, mədəniyyəti, memarlığı və təbiətindən bəhs edən 100 fotoşəkil nümayiş olunur. Bu işlər Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən olan həvəskar və peşəkar fotoqrafların “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinə təqdim etdikləri 750 fotoşəkil arasından seçilmişdir.
Sərginin açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət layihələri üzrə məsləhətçisi Səbinə Rakçeyeva bildirmişdir ki, bu müsabiqə AAC tərəfindən irəli sürülmüş yeni bir təşəbbüsdür. Azərbaycan haqqında təəssüratlarını ifadə etmək üçün fotoqrafların yaradıcılıq sərbəstliyi təmin edilmişdir. Müsabiqəyə təqdim edilən fotoların çox olması münsiflər heyətini xeyli sevindirmişdir. Biz inanırıq ki, “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinə təqdim edilmiş fotoşəkillərin nümayiş olunduğu bu sərgi indiyədək Azərbaycanı görməyən britaniyalılara ilham verəcəkdir.
Azərbaycanın Böyük Britaniya, Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanov demişdir ki, sərginin təşkili çox əlamətdar hadisədir. Çünki bu sərgi ölkəmizin Londonda və eləcə də bütün Avropada tanıdılmasına xidmət edir. Ümid edirəm ki, sərginin ziyarətçiləri Azərbaycanın təbiət mənzərələrini unutmayacaqlar. Təqdim olunan fotolar bir incəsənət nümunəsidir və bu yolla ölkəni tanıtmaq gözəl ideyadır.

Mərasimdə münsiflər heyətinin üzvü, görkəmli fotoqraf Henry Dallal sərgi ilə bağlı təəssüratlarını bölüşərək demişdir: “Mən və münsiflər heyətinin üzvü olan həmkarım, “Condé Nast Traveller” jurnalının foto redaktoru Caroline Metcalfe bu gözəl şəkillər vasitəsilə Azərbaycanı kəşf etməkdən böyük zövq aldıq. Sürətlə inkişaf edən Azərbaycan, eyni zamanda, zəngin tarixi və mədəniyyəti olan özünəməxsus bir ölkədir. Bütün fotolar məni bir daha Azərbaycana səfər etməyə, ölkənin gözəlliyini və insanlarını nümayiş etdirmək üçün daha çox fotoşəkillər çəkməyə həvəsləndirdi”.

Sərgi noyabrın 21-dən dekabrın 1-dək ziyarətçilər üçün açıq olacaqdır. Londondan sonra bu ecazkar fotolar Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Brüssel, Paris və Berlin şəhərlərində təşkil olunacaq sərgilərdə nümayiş etdiriləcəkdir.

AzərTAc