Yalnız Bakı şəhərini deyil, ölkənin bütün bölgələrini yüksək sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş "Azercell Telecom" şirkəti artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərin ixtiyarına verib. "Azercell"dən daxil olan məlumata görə, şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin 99%-nin 4G şəbəkəsi ilə təmin olunması deməkdir.
“Söz verdiyimiz kimi, "Azercell" regionlarda da 4G şəbəkəsini qurur və qədim şəhər Gəncədəki abunəçilər artıq bu xidmətdən faydalana biləcəklər. Abunəçilərin yüksək sürətli mobil internetə olan tələbatı daim artdığına görə ölkə ərazisində 4G şəbəkəsini genişləndirməkdə davam edirik. Məqsəd odur ki, "Azercell" abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək. "Azercell Telecom" Gəncə marafonunun əsas tərəfdaşıdır və çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək”, – deyə şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.
Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan "Azercell" mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə "Azercell"in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində "Azercell" 4G şəbəkəsini 84,1% gücləndirib. 2017-ci ilin sonuna qədər "Azercell Telecom" respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.
report.az