Azərbaycanda İKT universitetinin yaradılması planlaşdırılır
23.11.2012

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İstanbul Bilgi Universiteti İdarə Heyətinin sədri Rifat Sarıcaoğlu, İdarə Heyətinin üzvü Ural Ağüzüm, Avropa Laureatı Beynəlxalq Universitetinin baş direktoru Migel Karmelo və CENAY inşaat sənayesi və ticarət şirkəti İdarə Heyətinin rəhbəri Çingiz Güldamlası ilə görüş keçirilib.



Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycan Türkiyə, eləcə də Avropanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq edir. Ölkənin tələbə mübadiləsinə böyük diqqət yetirdiyini vurğulayan nazir müavini söyləyib ki, dövlət tərəfindən hər il 5 min tələbə təhsil alması üçün dünyanın bir sıra məşhur universitetlərinə göndərilir. Nazirlik tərəfindən hər il 180 tələbənin də prioritet istiqamətlər üzrə təhsil alması üçün xaricə göndərildiyini deyən İ.Məmmədov əlavə edib ki, Azərbaycanda İKT sürətlə inkişaf etdiyindən bu sahənin peşəkarlarının hazırlanmasına böyük diqqət yetirilir.


Öz növbəsində R.Sarıcaoğlu bildirib ki, Türkiyənin ən böyük 4 ali məktəblərindən biri İstanbul Bilgi Universitetidir. Təmsil etdiyi ali təhsil ocağının 14 min tələbəsinin olduğunu vurğulayan sədr əlavə edib ki, onların Avropa və eləcə də region ölkələri ilə anlaşma memorandumları var. Bu anlaşmaların böyük əksəriyyətini mühəndislik sahəsinin təşkil etdiyini önə çəkən R.Sarıcaoğlu Azərbaycanla İKT sahəsində peşəkarların hazırlanmasında maraqlı olduqlarını söyləyib: «Bizim universitetdə minə yaxın tələbə «online» qaydada təhsil alır. Ali təhsil ocağında İKT sahəsi üzrə böyük müəllim kollektivimiz var. Universitetlərimiz konsorsium formasında texnoparklar yaradıblar. Qeyd edim ki, hazırda texnoparklar əsasən iri şəhərlərimizin ətrafında fəaliyyət göstərir».


M.Karmelo isə təmsil etdiyi universitet haqqında geniş məlumat verib və bildirib ki, Avropa Laureatı Beynəlxalq Universitetinin dünyanın 30 ölkəsində 60 filialı fəaliyyət göstərir. Ümumilikdə 750 min tələbəsinin olduğunu qeyd edən M.Karmelo fəaliyyət üçün Avropa məkanını nəzərdə tutduqlarını söyləyib: «Bizim akademik təhsil modelimiz 3 meyara söykənir. Onlardan biri də tələbəyə yönələn təhsildir. Tələbələrimizi qlobal dünya üçün hazırladığımız üçün onların dil məsələlərinə böyük önəm veririk və çalışırıq ki, məzunlarımız ən azı 2 dildə öz ana dilləri kimi danışa bilsinlər».


Təmsil etdiyi universitetdə «online» təhsilin də verildiyini vurğulayan M.Karmelo bunun da daha çox işləyən insanlar üçün səmərəli olduğunu söyləyib. Azərbaycana maraqlı məkan kimi baxdıqlarını bildirən M.Karmelonun sözlərinə görə, buna səbəb ölkədə insanların rifahının günü-gündən artmasıdır: «Araşdırmalar göstərir ki, yaxın 10 il ərzində Azərbaycanda tələbələrin sayı 2 dəfə artacaq. Ona görə də öz təcrübəmizi bura gətirmək istəyirik».


Türkiyədə «elektron hökumət» quruculuğunda dövlət tərəfindən bir sıra layihələrin həyata keçirildiyini deyən U.Ağüzümün sözlərinə görə, türk hökuməti universitet-sənaye birliklərinə olduqca isti münasibət bəsləyir. Azərbaycanda da «elektron hökumət» quruculuğu istiqamətində mühüm işlər görüldüyünü xatırladan U.Ağüzüm bu sahə üzrə əməkdaşlıqdan hər iki tərəfin uğur qazanacağına əminliyini ifadə edib.


Öz növbəsində nazir müavini İ.Məmmədov Türkiyənin, eləcə də dünyanın bir çox texnoparkları ilə yaxından tanış olduqlarını vurğulayaraq deyib ki, Azərbaycanda da texnoparkın yaradılması istiqamətində ciddi işlər görülür. Bunun üçün Sumqayıtda böyük bir ərazinin ayrıldığını söyləyən nazir müavininin sözlərinə görə, hazırda texnoparkla bağlı detallar hazırlanır: «Yəni, onun ölkəyə xeyir gətirməsi üçün detalları müəyyənləşdirilir. İstəyirik ki, burada şirkətlər özlərini təqdim edə bilsinlər, alimlər onun verdiyi üstünlüklərdən istifadə etsinlər. Türkiyə bizə yaxın olduğu üçün onun təcrübəsindən yararlanırıq. Lakin bu istiqamətdə daha irəli getmiş ölkələr mövcuddur. Azərbaycanda İKT universitetinin və texnokaparkın yaradılması üçün sizin təcrübəniz bizim üçün əhəmiyyətlidir. İKT çox sürətlə inkişaf edən sahədir, texniki biliklər verən universitetə ehtiyacımız var. Dünya təcrübəsi göstərir ki, elmi nailiyyətlər, ixtiralar daha çox universitetlərdə əldə olunur. Yeri gəlmişkən bildirim ki, biz tələbələrin hansı universitetlərdə təhsil almasına diqqət yetiririk. Azərbaycanın ilk telekommunikasiya peyki fevral ayında orbitə qaldırılacaq. Bundan sonra da bir neçə peykimizi orbitə qaldırmağı planlaşdırırıq. Ona görə də bizdə yüksək hazırlıqlı tələbələrə ehtiyac var. Düşünürəm ki, ölkəmizdə İKT universiteti yaradılan zaman sizinlə təcrübə mübadiləsi istiqamətində görüşlər keçirə bilərik».

APA