Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu - 2017” maraqlı anlarla yadda qalıb
18.9.2017

Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu - 2017” bir sıra maraqlı anlarla yadda qalıb.
Fonddan verilən məlumata görə, marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib.
Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri olub. Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.
Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.
Qaliblər iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib. Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib.
Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar artist Röya Ayxan təqdim edib.

report.az