BNA-dan avtobuslarda ünvanların yeni adlarla göstərilməsi ilə bağlı xüsusi tapşırıq
18.9.2017

Bakıda şəhərdaxili marşrut avtobuslarında bəzi ünvanlar köhnə adlarla göstərilir. Bəzi avtobuslarda marşrut lövhələrində "Semaşko", "Eksperimentalnıy", "Valadarka" və sair adlar yazılıb. Bu isə sərnişinlər arasında çaşqınlıq yaradır. Həmin yer və obyekt adlarının dəyişdirilməsinə baxmayaraq, belə ünvanlar hələ də avtobuslarda yer adları kimi qalır. Nəticədə həmin ünvanları yeni adlarla tanıyanlar üçün problem yaranır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, belə hallar vətəndaşların ünvanları səhv salmasına, sürücü və sərnişin arasında mübahisə və digər hallara səbəb olur:

"Bakı şəhərində bütün marşrut avtobusları üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən təsdiq olunmuş hərəkət sxemi var. Həmin sxemdə bütün dayanacaqların adları göstərilib. Avtobuslarda yer və ünvan adları həmin sxemə uyğun göstərilməlidir. Avtobuslarda bu adların həmin sxemdən fərqli göstərilməsi Bakı Nəqliyyat Agentliyinin təsdiq etdiyi sxemin pozulmasıdır. "Semaşko" adlı Bakıda obyekt yoxdur. Xəstəxananın adı indi Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasıdır. Gənclər bəzi hallarda "Semaşko"nun hara olduğunu bilmir, bu barədə məlumatı yoxdur. Avtobus sürücüləri, daşıyıcılar deyə bilər ki, yaşlı insanlar həmin obyektləri və yerləri köhnə adlarla tanıyır. Amma həmin yerlər indiki adları ilə göstərilsə, bundan çox az sərnişin əziyyət çəkər və tədricən yeni adlar tanınar".

Ə.Hüseynov qeyd edib ki, bu məsələyə Bakı Nəqliyyat Agentliyi (BNA) müdaxilə etməlidir: "Əslində, Bakı Nəqliyyat Agentliyi daşıyıcılardan bunu tələb etməlidir və tələb edir də. Lakin daşıyıcılar özləri bildiyi kimi hərəkət edirlər. Hazırkı situasiya görülən inzibati tədbirlərin lazımi nəticə vermədiyini göstərir".

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev isə Trend-ə bildirib ki, belə problemlər var və onların aradan qaldırılması üçün tədbirlər görülür:

"Bakı Nəqliyyat Agentliyi dayanacaqlar və avtobuslardakı məlumat lövhələrində məlumatların, ünvan adlarının mövcud adlarla yazılmasının tərəfdarıdır. Köhnə adlarla ünvan göstərilməsi Agentlik tərəfindən də qəbul edilmir, bu, doğru deyil. Dayanacaqlarda, avtobus lövhələrində ünvanların, dayanacaq adlarının mövcud adlarla göstərilməsi istiqamətində işlər aparılır. Məsələn, keçmiş "Sovetski" kimi tanınan ərazidə aparılan abadlıq-quruculuq işləri nəticəsində yeni salınan yollardakı dayanacaqlarda yeni adlarla məlumat lövhələri yazılıb. Avtobusların üzərindəki məlumat lövhələrinin dəyişdirilərək həmin adlarla yazılması barədə daşıyıcılara xüsusi tapşırıqlar verilib və bu istiqamətdə tədbirlər davam etdirilir".

trend.az