Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət Xadimi, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşüb.
Universitetdən bildirilib ki, görüş maraqlı bir (“Dream doctors”) layihənin təklifi ilə bağlı olub. Belə ki, İsrail və ABŞ-da xərçəng xəstəliyi və digər ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün klounlara xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihəni ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib, layihə barədə videoçarx nümayiş olunub.
Universitetin rektoru bu maraqlı, humanist layihəni yüksək dəyərləndirib, onun reallaşması üçün əlindən gələn köməyi edəcəyini, tələbələrin də bu layihədə könüllü iştirak edəcəklərini vurğulayıb.
Layihəyə əsasən Ben Qurion Universitetindən xüsusi təlimlər keçmək üçün aktyorların göndərilməsi, universitet tərəfindən isə xəstə uşaqlara yardımçı olmaq, onlara çətin anlarında əyləndirməklə kömək etmək üçün könüllü tələbələrdən ibarət qrupların və auditoriyaların, layihənin reallaşacağı xəstəxananın və s. təşkili nəzərdə tutulub.
azertag.az